Azərbaycana gələndən bəri yalnız klub televiziyasına müsahibə verən “Neftçi”nin dünya şöhrətli ulduzu Keysuke Honda heç bir yerli mətbu orqanına danışmırdı. Bu da başadüşüləndi. Asiya futbol tarixinin ən yaxşı 3 futbolçusundan biri olan “samuray”ın ərköyünlüyü sərgilədiyi futbol kimidi - ən üst səviyyədə. Ölkəmizə gəldiyi gündən göstərdiyimiz səylər nəticəsiz qalsa da, Hondanın “saqqızı”nı dünən “oğurlaya” bildik. Kim bilir, bəlkə də buna səbəb saytımızın versiyasına görə “Turun oyunçusu” seçilməsi oldu. Beləliklə, Azərbaycan məkanında Keysuke ilk müsahibəsini Sport24.az-a verdi.

- Ötən oyunda sərgilədiyin futbol bizlərə Keysuke Hondanın ən yaxşı dövrlərini xatırlatdı. Elə bunun nəticəsidir ki, “Turun oyunçu” seçimində redaksiya heyətimiz heç bir tərəddüd etmədən sənə səs verdi. Özün bu seçimi necə qiymətləndirərdin  və oyunundan razı qaldınmı?
- Gizlətmirəm, “Turun oyuncusu” seçilməyim mənim üçün olduqca xoşdu. Saytınıza bu nominasiyaya məni layiq gördüyü üçün təşəkkürümü bildirirəm. Ancaq etiraf edim ki, hələ də oyunumdan tam razı deyiləm. Söhbət tək “Səbail”ə qarşı sərgilədiyim futboldan getmir. Ümumiyyətlə, “Neftçi” formasında çıxış etdiyim bütün görüşləri nəzərdə tuturam. Səbəb də üzdədi: özümə, sərgiləyə biləcəyim futbola bələdəm və bilirəm ki, daha yaxşı oynaya və “Neftçi”yə daha çox fayda verə bilərəm.

- Yəqin ki, turun digər oyunlarını izləməmisən. Elədirsə, sənin fikrincə, “Səbail” - “Neftçi” matçının ən yaxşısı kim idi?
- Mən ümumiyyətlə, “Səbail”lə oyunun ən yaxşısı kimi heç kəsi seçməzdim. Komandamız kollektiv futbol sərgilədi. Hesab edirəm ki, gözəl futbolla layiqli qələbə qazandıq. Yox, xüsusi olaraq nə özümü qeyd edəcəm, nə də hər hansısa bir komanda yoldaşımı. Bu matçın bəzəyi məhz gözəl kollektiv oyunumuz idi.

- Komanda yoldaşlarından kiminlə anlaşmaq sənə daha rahatdı?
- İlk növbədə onu qeyd etmək istəyərdim ki, komandamızda olduqca keyfiyyətli oyunçular toplaşıb. Bilavasitə sualınıza gəlincə, bir neçə komanda yoldaşımı xüsusi qeyd etmək istəyərdim. Söhbət Emin Mahmudov, Sabir Buqrin, Yusuf Laval, Namiq Ələsgərov və Vojislav Stankoviçdən gedir. Adlarını qeyd etdiyim uşaqlarla anlaşmaq mənə daha rahat olur. Özü də söhbət tək oyunlardan getmir, bura məşqlərimiz də daxildi.

- Zəngin təcrübəyə sahib Keysuke Hondadan komanda yoldaşları nələri “oğurlayıb”? Bəs özün onlara daha peşəkar olmaları baxımından hansı tövsiyələrini vermisən?
- Düzünü desəm, onlara cox tövsiyələr verməmişəm. Axı elə də uzun müddət deyil ki, çiyin-çiyinə işləyirik. Həm də  peşəkar futbolçulara təcrübəmlə bağlı nələrisə öyrətməkdən xoşum gəlmir. Hazırlığımdan, məşqlərimdən və oyunlarımdan bir şey “oğurlaya” biliblərsə və ya yaxın gələcəkdə bacaracaqlarsa, buna yalnız sevinirəm.

- Fikrincə, komanda yoldaşlarından hansı ən azı ortabab Avropa klublarında oynamağa hazırdı?
- Komanda yoldaşlarımın arasında kifayət qədər istedadlı gənc və təcrübəli oyunçular çoxdu. Düşünürəm ki, onların bir çoxunun Avropada oynamaq üçün yetərincə istedadları var. Ancaq bunun üçün bir şərt də vacibdi: legioner həyatı yaşamaları üçün öz üzərlərində indikindən də çox çalışmalıdırlar.

- Karyeran ərzində tək “Neftçi”də yox, digər klublarda da müxtəlif mövqelərdə oynamısan. Özünə ən doğma hansını hesab edirsən?
- Oynadığım hər bir mövqedə çalışıram ki, formasını geyindiyim komandaya maksimum xeyrim dəysin. Ən cox “10 nömrə” (hücumameylli yarımmüdafiəçi / “yalançı” hücumçu / pleymeker - red.) mövqeyini özümə daha doğma bilirəm.

- Sənin gəlişindən sonra komandanızın əksər fanatları çempionluq şanslarınızın artdığını söyləyir. Bəs özün bu şansları necə dəyərləndirirsən? Hər halda,  görünən budu ki, “Qarabağ”a qarşı matçda “Neftçi”yə yalnız qələbə lazım olacaq.
- Komandamızın azarkeşlərinin bu cür düşünməsi mənə olduqca xoşdu. Komanda şəklində onları sevindirmək və xoşbəxtlik bəxş etmək üçün əlimizdən gələni edəcəyik. Bilirsiniz, azarkeşlərimizi xoşbəxt edə bilsək, bu, məni də “göyün yeddinci qatına qaldırar”.

 

 

CEYHUN ƏLİYEV