Avrokubokun son finalçısı ''Türk Telekom''un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, son mövsümdə bu komandanı çalışdıran Ərdəm Can artıq ''Anadolu Efes''in başına keçib. O, Ərgin Atamanı əvəzləyib.

''Türk Telekom''u isə bundan sonra Nenad Çanak çalışdıracaq. Amma Türkiyə klubunun 47 yaşlı serbiyalı mütəxəssislə neçə illik anlaşma əldə olunması barədə məlumat verilmir.

Qeyd edək ki, Çanak ötən mövsüm Litva təmsilçisi ''Lietkabelis''in başında idi. Bu komanda onun başçılığı altında ölkə çempionatını 4-cü pillədə tamamladı, eləcə də avrokubokda pley-offa yüksəldi. 2017-ci ildən müstəqil məşqçi kimi çalışan Çanak hələ ki, ən böyük uğurunu ''Partizan''da yaşayıb. Serbiya və Avropa basketbolunun önəmli klublarından biri sayılan ''Partizan'' 2017/18-də Çanakın başçılığı altında ölkə kubokunu qazanmağı bacarmışdı.