Tanınmış rusiyalı basketbolçu, MOİK və yığmanın üzvü Aleksey Şvedin döyülməsi ilə bağlı qalmaqalda yeni məqamlar üzə çıxıb. Sport24.az xəbər verir ki, hadisə mayın əvvəllərində baş vermişdi.
Şved həyat yoldaşı ilə birlikdə Moskvanın mərkəzində yerləşən restoranlardan birindən çıxarkən tanımadığı şəxslərin hücumuna məruz qalmışdı. 4-5 nəfər tərəfindən döyülən və kəllə-beyin travması alan basketbolçu xəstəxanaya yerləşdirilmişdi.
Rusiya polisinin işə qarışmasından qısa müddət sonra ona hücum edənlər saxlanılmışdı. Məlum olmuşdu ki, hücum edənlərdən 2-si Azərbaycan vətəndaşlarıdı. Söhbət 2 qardaş - Knyaz (20 yaş) və Ramzin (17) Əmiraslanovdan gedir. Onlar, eləcə də 20 yaşlı Qleb Pisarev mayın 5-də 2 aylığa həbs edilmişdilər. Amma iyulun 2-də onlar məhkəməyə qədər ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılmışdılar. Qəsdən sağlamlığa xəsarət yetirməkdə və xuliqanlıqda günahlandırılan həmyerlilərimizə 5 il iş düşə bilər.
Bu arada 17 yaşlı Ramzin Rusiyanı tərk edərək Bakıya qayıtdığı məlum olub. Srağagün gecə iki qardaş yenə Moskvanın mərkəzində görüntülənmişdi.
Onu da bildirək ki, bu hadisənin 4-cü iştirakçısı - 32 yaşlı Yusif Miraşurov hələ də həbsdədi. Şvedə ən ağır zərbələri məhz onun vurduğu güman olunur. Tacikistan vətəndaşı olan Miraşurov hadisədən bir neçə saat sonra ölkəni tərk etmək istəyərkən hava limanında yaxalanmışdı. Ona 12 illik həbs verilə bilər.
Hadisənin baş vermə səbəbinə gəlincə, belə güman olunur ki, hücum edənlər bukmeker kontorunda ordu klubunun çempionluğuna pul qoyuluşu ediblərmiş. Amma ''hərbçilər'' yarımfinal seriyasının 7-ci oyununda sensasiyon şəkildə ''Lokomotiv Kuban''a uduzaraq son 20 ildə ilk dəfə finala vəsiqə qazana bilmədi. Özü də məhz Şved 7-ci oyunun son anlarında bir neçə həlledici atışlar zamanı qeyri-dəqiq oynamışdı.
Ümumiyətlə, 2021-də kluba gələn və Moskva klubunda 2-ci mövsümünü bu 34 yaşlı basketbolçunun ayağı ''hərbçilər''ə düşərli olmayıb. Şved gəldikdən sonra komanda 2 mövsümün heç birində çempion ola bilməyib. Halbuki, Çvedə qədər MOİK son 19 mövsümün 18-də çempion olmuşdu.