"Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik". Sport24.az xəbər verir ki, bunu NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev Azərbaycan çempionatında "Naxçıvan"la qarşılaşmadan sonra deyib.

 

O, bildirib ki, bu gün qazanılan qələbə komandası üçün çox vacib idi: "Naxçıvan" - güclü komandadır. Onlar turnir cədvəlində ikinci yerdə gedirlər. Amma bu qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar yalnız qələbə üçün oynadılar. İlk hissə çətin idi, hesab tez-tez dəyişirdi. Amma üçüncü periodda uşaqlar müdafiədə çox yaxşı oynadılar. Bizim üçün bu, vacib idi. Qələbəni qazana bildik. Oyun keyfiyyətindən razı qaldım. Amma hələ komanda tələblərimin yalnız 60 faizni yerinə yetirir. Biz hələ də inkişaf edəcəyik. Hazırda bizim üçün hər oyun vacibdir".

 

Mütəxəssis çempionata pis başladıqlarını xatırladıb: "Yaxşı ki, hələ qabaqda çox oyun var. Qarşıda kubok oyunu var və burada legioner limiti fərqlidir. Heyətdə ən azı iki yerli oyunçu olmalıdır. Biz bu tərkibdə demək olar ki, oynamamışıq. Murad Babayev bizə kömək edə biləcəkmi, bunu bilmirəm. Amma gənc oyunçularımız var. Düşünürəm ki, "Lənkəran"a qarşı yaxşı oyun göstərə biləcəyik".

 

Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan "Naxçıvan" - NTD görüşü qonaqların 95:70 hesablı qələbəsi ilə yekunlaşıb.