"Əslində bu oyuna çox yaxşı hazırlaşmışdıq". Sport24.az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya "Sabah"la keçirdikləri matç haqqında deyib.
Mütəxəssis bildirib ki, komandası rəqibin zəif cəhətlərindən xəbərdar olub: "Müdafiədən istifadə edib hücum şanslarımızı dəyərləndirə bilmədik. Çox bəsit hücum xətaları etdik. Həqiqətən bundan öncəki matçdan daha yaxşı oynadığımızı düşünürəm. Daha güclü idik, daha estetik çıxış etdik. Epizodlarımızı doğru dəyərləndirə bilmədik. Uzun basketbolçularımızdan istədyimizi ala bilmədik. Düzdür, Anvar Asan hardasa bir az effektiv oldu. Amma bəzi oyunçularımız yaxşı olsa da, digərləri çox bəsit səhvlər etdilər. Ötürmələrdə səhvlər oldu. Edəcək bir şey yoxdur".
Baş məşqçi oyunçularının əllərindən gələni etdiklərini vurğulayıb: "Matçın sonlarına yaxın önə keçdik, orda vəziyyəti qoruyub saxlamalı idik. Amma rotasiya səhvləri ilə üstünlüyü əldən verdik. Təəssüf ki, alınmadı. Uşaqları təbrik edirəm, əllərindən gələni etdilər. "Sabah" yaxşı büdcəyə malik güclü komandadır. Amma biz də yavaş-yavaş inkişaf edirik. Ümid edirəm ki, pley-off başlayana qədər komandanı ən üstü səviyyəyə gətirəcəyik. İki oyunçu xəstə olduğu üçün məşqlərə qatılmırdı. Tam gücümüzlə çıxış edə bilmədik. "Üçlük"lərdə də çox keyfiyyətli olmadıq".
Evren Alkaya məğlubiyyətdə bəsit səhvlərin həlledici rol oynadığını önə çəkib: "Bir az daha yaxşı oynasaydıq, qazanardıq. "Sabah" vacib matçlardan birini qazandı. Mövsüm bitmədən onları məğlub etmək istəyirik. Yaxşı komandaya qarşı yaxşı oynadıq. Bəsit səhvlər etdik və məğlub olduq. Bu səhvlərin sonucu bizim üçün böyük oldu. Ya səhv etməyəcəksən, ya da bunu edib matçı uduzacaqsan. İkincisi oldu. Komandama uğurlar, daha yaxşı olacağıq".
Qeyd edək ki, turun açılış matçında "Sabah" "Sərhədçi"ni 85:78 hesabı ilə məğlub edib