"Yenilmək bizə sürpriz deyil, vacib olan hədəfdən vaz keçməməkdir. Yıxılsaq da, qalxıb mübarizəyə davam etməliyik". Sport24.az xəbər verir ki, bu sözləri "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib:
"Rəqibimizi təbrik edirəm. Onların xüsusən üç xallıq atışlarda yaxşı olduğunu bilirdik, amma matçın əvvəlində müdafiədə heç müqavimət göstərə bilmədik. Altı gündə üçüncü matçımızı oynadıq. Həm yorğunluq, həm də zədələrə görə kasad heyətlə oynamaq çətin oldu. Qarşıdakı fasilə bizə yaxşı gələcək. Fasilədən sonra tam heyət olacağıq. Həm də çatışmazlıqlarımızın üzərində çalışacağıq. Hamının Yeni ilini indidən təbrik edirəm. Ümid edirəm ki, 2026-cı il hamıya sağlamlıq və uğur gətirər".
Qeyd edək ki, ötən gün Azərbaycan Basketbol Liqasının 11-ci turunun A qrupunda "Şəki" "Abşeron Lions"a 107:82 hesabı ilə məğlub olub.