Avroliqada çıxış edən "Panatinaikos"un sahibi Dimitris Cannakopoulos barəsində axtarış elan edilib. Sport24.az xəbər verir ki, bu barədə "Eurohoops" portalı məlumat yayıb.

 

Bazar günü, iyunun 1-də 51 yaşlı funksioner Yunanıstan çempionatının final seriyasının "Olimpiakos"la ikinci matçının başlanğıcında (83:91) meydandan qovulub. "Panatinaikos"un mətbuat xidməti iddia edir ki, Cannakopoulos meydandan qovulduğuna görə deyil, ona və qızına təhqiramiz sözlər deyən rəqib komandanın azarkeşlərinin davranışına görə arenanı tərk edib.

 

"Olimpiakos" tərəfi isə bildirib ki, "Panatinaikos"un sahibi meydandan qovulmazdan əvvəl tribunalara qarşı nalayiq jest edib. Prokuror onun həbsinə göstəriş verib. Lakin Cannakopoulos həbs olunmamaq üçün arenanı tərk edib. "Olimpiakos" klub prezidentinə qarşı iddia qaldırıb və o, hazırda axtarışdadır.

 

Qeyd edək ki, "Olimpiakos" Yunanıstan çempionatının final seriyasını hesabı bərabərləşdirib – 1:1. Komandalar arasında üçüncü oyun çərşənbə günü, iyunun 4-də baş tutacaq.