Bu gün Azərbaycan Basketbol Liqasında 11-ci turun daha iki oyunu baş tutub.

Sport24.az xəbr verir ki, “Sərhədçi" İdman Mərkəzində keçirilən günün ilk oyununda “AAAF Xırdalan” və NTD komandaları üz-üzə gəliblər.

Görüşə sürətli başlayan paytaxt basketbolçuları rəqibi üzərində 108:80 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”dan Devin Pullum (17 xal, 7 asist), NTD-dən isə Londell Kinq (37 xal, 20 ribaund) olublar.

Günün son oyununda "Sərhədçi" və "Zirvə Astara" basketbolçuları qarşılaşıblar. Sərhədçilər oyuna fəal başlayaraq, yekunda rəqibi üzərində 94:84 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular “Sərhdəçi”dən Endar Poladxanlı (33 xal, 9 ribaund), “Zirvə Astara”dan isə Ruşhard Kruikşenk (37 xal, 7 ribaund) olublar.

Turun son oyunu 25 dekabrda Şəki Olimpiya İdman Kompleksində “Olimpik Şəki” ilə “Neftçi” İK komandaları arasında keçiriləcək.

Hazırda ilk üç pillədə qərarlaşmış “Sabah”, “Gəncə” və NTD komandalarının hərəyə 19 xalı var. “AAAF Xırdalan”la “Sərhədçi” 18 xal toplayıb. “Olimpik Şəki”, “Neftçi” və “Zirvə Astara” isə 12 xal toplaya bilib.