"Qəbələ"nin kapitanı Asif Məmmədov Sport24.az-a müsahibə verib.



- Son turda "Sabah"a 0:4 hesabı ilə məğlub oldunuz. Səncə, bu ağır məğlubiyyətin əsas səbəbi nə idi?

 

- İlk hissədə iki real qol epizodundan yararlana bilmədik. "Sabah" kimi komandalara qarşı qol imkanlarını boşa versən, bunun acısını çəkəcəksən. 45-ci dəqiqədə qol buraxmaq futbolçuları ruhdan salır. İkinci hissənin sonlarında isə qapımızda ardıcıl qollar gördük. Ümumilikdə, ilk hissədə pis oynamadıq. Üç matçda qapımızda 11 qol görmüşük. Toparlanmaq lazımdır və bunu özümüz də dərk edirik. Gecə-gündüz çıxış yolu axtarırıq.

- Komanda 8 turdan sonra cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib. Bu cür uğursuz start gözləyirdin?



- Yəqin ki, yeni gələn futbolçular komandaya tam uyğunlaşa bilməyiblər. Ən pisi isə qol vura bilməməyimizdir. Qol vurmasan, qalib gəlmək ehtimalın yoxdur. İmkanlarımız var, amma onlardan yararlana bilmirik. Son anda dəqiqlik çatışmır. Yalnız "İmişli" ilə qarşılaşmada hesabda önə keçərək sonda qalib gəlmişik. Bizim kimi komandalar üçün bu, vacib amildir. Bəzi futbolçular var ki, Azərbaycana gələndə düşünürlər ki, burada tək ayaqla oynamaqla da işlərini görə biləcəklər. Sonra isə görürlər ki, heç də belə deyil. Çempionatımız kənardan futbol adamlarına asan görünə bilər, amma əslində, heç də elə deyil.

 

- Növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Ardıcıl məğlubiyyətdən sonra bu oyunu vəziyyətdən çıxış üçün fürsət hesab etmək olar?


- "Araz-Naxçıvan" da bizimlə eyni taleyi yaşayır. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Onlar kimi bizim də başqa çıxış yolumuz yoxdur. Deyirlər ki, bu matç 6 xallıq oyundur. Məncə, 6 yox, 12 xallıq qarşılaşma olacaq. Elə oyunlar olur ki, taktika və texnikanı kənara qoyub, sadəcə, mübarizə aparmalısan. Meydana çıxıb vuruşmaq lazımdır. Hazırda bizdə məhz bu çatışmır. Bizim səviyyəmizdə olan "Şamaxı" və "Kəpəz" göstərir ki, mübarizə apardığın halda nəticə əldə edə bilərsən.



- "Sabah"la oyunda 40 yaş 73 günlüyündə meydana çıxdın və son 18 mövsümün ən yaşlı futbolçusu oldun. Bu göstəricinin sənin üçün xüsusi mənası var?

- Bunun xüsusi bir mənası olduğunu deməzdim. Bir tərəfdən, 40 yaşında futbol oynaya bilməyim sevindiricidir. Ancaq komandamız elə vəziyyətdədir ki, nəinki belə göstəricilərə, heç gündəlik həyatda belə sevinə bilmirsən, ürəyimiz açılmır. Bizim üçün birinci yerdə ailə, ikinci yerdə isə futbol gəlir. Nəticə yoxdursa, nə yeməyin-içməyin dadı olur, nə də sevinə bilirsən. Ürəkdən gülə də bilmirəm.



- 40 yaşında Premyer Liqada oynamaq fiziki baxımdan nə dərəcədə çətindir?


- Sözün düzü, fiziki baxımdan çətinlik çəkirəm. Uzun müddət oynamadıqdan sonra meydana çıxanda çətin olur. İnanıram ki, 3-4 kiloqram artıq çəkidən azad ola bilsəm, 25-30 dəqiqə oynaya bilərəm. Qaçış baxımından problemim olmasa da, sürət sarıdan əziyyət çəkirəm. Nə qədər məşq etsən də, bu çətinlik qalır. 25-30 yaşlı futbolçu ilə mənim sürətim eyni deyil. Bununla belə, elə matçlar var ki, meydana çıxıb komandaya kömək edə bilərəm.