MBA tarixinin əfsanəvi basketbolçularından olan Maykl Cordan 60 illik yubileyi ərəfəsində “Make-A-Wish” fonduna 10 milyon dollar yardım ayırıb. Sport24.az xəbər verir ki, yerli mətbuata açıqlama verən “Çikaqo”nun heyətində 6 dəfə MBA çempionu olan sabiq oyunçu bunları söyləyib:

“Geridə qalan 34 il ərzində “Make-A-Wish”lə əməkdaşlıq etməkdən böyük qürur hissi keçirmişəm. Mən həmişə uşaqlara xoşbəxtlik bəxş etmək niyyətində olmuşam. Onlara çətin anlarda yardım əlimi uzatmaq məni daha da həyatsevər edir. Öz doğum günüm üçün xeyriyyə fonduna yardım ayırmaqdan başqa ideal hədiyyə ola bilməz”.

Xatırladaq ki, “Make-A-Wish” ölümcül xəstəlikdən əziyyət çəkən uşaqlara yardım məqsədilə təsis edilən beynəlxalq xeyriyyə fondudur.