Lebron Ceyms MBA tarixinin ən məhsuldar oyunçusu olub. Sport24.az xəbər verir ki, “Los Anceles Leykers”in lideri “Oklahoma Siti” ilə oyunda yeni rekordu müəyyənləşdirmək üçün 36 xal toplamalı idi.

Artıq 3-cü bölümün sonlarında ulduz basketbolçu bunu bacarıb. Görüşü 38 xalla tamamlayan 38 yaşlı basketbolçu karyerasında 38390-cı xalını toplayıb.

Xatırladaq ki, buna qədər rekord daha bir “Leykers” əfsanəsi Kərim Əbdül-Cabbara məxsus idi. Ötən illərin məşhur ulduzu karyerası ərzində 38387 xal toplamışdı. Yeri gəlmişkən, Əbdül-Cabbar da bu oyunu tribunadan izləyirdi. O, rekordu yeniləyən kimi ayağa qalxaraq Lebronu alqışlayıb.