"Anadolu Efes''in baş məşqçisi kimi Türkiyə çempionu olaraq ayrılan və ''Panatinaikos''un başına keçən Ərgin Ataman diqqətçəkən açıqlamalar verib. Sport24.az xəbər verir ki, o, geridə qoyduğumuz mövsümün yarımfinalının ilk oyununda ''Fənərbaxça''ya biabırçı hesabla uduzduqdan sonra özlərinə gəlmələri barədə danışıb.
Bu yerdə bildirək ki, 'Fənər'' həmin görüşdə 108:66 qalib gəlmiş və ''Anadolu Efes'' tarixində ilk dəfə daxili çempionatda 42 xallıq fərqlə uduzmuşdu. Amma Atamanın komandası sonradan ardıcıl 3 oyunda qalib gələrək mükəmməl bir geridönüş etmişdi.
Atamanın fikrincə, həmin 42 xallıq məğlubiyyət onlar üçün əsl şok olub: "Həmin gün qürurumuza toxundular. ''Fənər''lilər bizimlə məzələnməyə başladılar. Oyundan sonrakı atmosfer də bu cür idi. Mətbuatda ''Efes indidən tətilə çıxıb'' yazıları peyda oldu. Amma xaraktercə eləyik ki, bizimlə məzələnməyə heç kimə imkan vermərik! Mən də, oyunçularım da, klub da... İkinci oyun ərəfəsində toplaşıb ciddi söhbət etdik. Başımızı dik saxlamağa çalışdıq. Yoxsa, bu seriya başqa cür geri dönə bilməzdi. Etiraf edim ki, biz birinci oyunda normal hesabla uduzsaydıq, seriyada qalib gələ bilməyəcəkdik Hətta 42 xallıq fərqdən sonra psixoloji çöküş yaşadım və istefa vermək istədim. Amma sonra düşündüm ki, bu klubda böyük uğurlar qazanmışam və bu cür ayrılmaq mənə yaraşmaz. Həm də mövsümün bitməsinə cəmi 2-3 həftə qalmışdı. Qarşıma məqsəd qoydum. Sonda bu məqsədə çatdım. Əsas köməkçilərimdən biri 13 yaşlı oğlum Sarp oldu. Onun ''Anadolu Efes'' ilə olan duyğusal bağlılığı məni həvəsdən düşməyə qoymadı. İkinci oyuna həm də onu düşünərək çıxdım''.