''Nyu York''un basketbolçusu Culius Rendl komandada keçirdiyi dönəmdən danışıb. Sport24.az xəbər verir ki, 29 yaşlı hücumçu 2019-dan komandadadı.

Rendl yalnız titul qazana bilməmələrindən gileylənib: ''Etiraf edim ki, burda məni hər şey qane edir. Bura gəlməklə karyeramın ən düzgün addımlarından birini atdım. Məhz burda fərqi oyunçuya çevrilərək indiki səviyyəmə yüksələ bildim. ''Medisen Skveyr Qarden''dəki ab-havaya isə söz ola bilməz. Bu insanların bu komandaya sevgisi, bağlılığı tamamilə başqa, inanılmaz səviyyədədi. Amma işin ən üzücü tərəfi odu ki, bu sevginin qarşısında biz heç cür çempion ola bilmirik''.

Qeyd edək ki, Rendl ötən mövsümün gedişində dabanından iki dəfə ciddi zədə aldı. Əməliyyatı mövsüm bitdikdən sonra etdirmək qərarına gəldi. Müntəzəm çempionatda 77 oyuna çıxdı. Pley-offda ''Niks'' Şərq konfransının yarımfinalına qədər irəliləsə də, orda ''Mayami'' səddini keçmək mümkün olmadı (2:4).