Basketbol üzrə FİBA 3X3 dünya reytinqində ikinci yerdə olan “UB 3X3” komandasının iki üzvü Azərbaycana səfərə gəlib.

Sport24.az xəbər verir ki, söhbət dünya reytinqində 1-ci yeri tutan Strahinya Stoyaçiç və reytinqdə 10-cu yerdə olan Marko Brankoviçdən gedir.

Onlar Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə Bakıya gəliblər. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Ünlü basketbolçular səfər zamanı Azərbaycan basketbolun mövcud vəziyyəti ilə tanış olublar. Onlar xüsusilə mövcud infrastruktur barədə məlumat əldə edib, Azərbaycanın U-17 və əsas milli komandaları ilə görüşüblər. 

Azərbaycan Basketbol Federasiyasının nümayəndələri ilə fərqli mövzularda görüşlər keçirilib və fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlıq imkanları və Azərbaycanda basketbolun inkişafı planları barədə səmərəli müzakirələr baş tutub.