Belə gedişlə Nikola Mirotiçin ''Barselona''dan ayrılması gözləniləndən daha uzun çəkəcək. Sport24.az xəbər verir ki, bugünlərdə 32 yaşlı ulduz basketbolçu ''Barsa'' dan ayrıldığını rəsmən açıqlamışdı. Onun ''Milan''a keçəcəyi gözlənilirdi.

Amma İspaniyanın AS nəşrinin yazdığına inansaq, tərəflər təzminatla bağlı heç cür razılığa gələ bilmir. Mirotiçin kataloniyalılarla 2025-ə qədər müqaviləsi var idi. Nəşrin yazdığına inansaq, ''Barsa'' rəhbərliyi Mirotiçə və onun menecerinə müqavilənin ləğv olunması üçün 4 fərqli variant təklif edib. Amma təcrübəli basketbolçu bunlardan heç biri ilə razılaşmayıb.

Mirotiç qalan 2 mövsümə görə almalı olduğu məbləğin hamısını tələb edir. Amma ''Barsa'' ona bir illik məvacibindən bir qədər çox pul, eləcə də müxtəlif bonuslar üçün nəzərdə tutulan məbləğ təklif edir. Eyni zamanda ''Barsa'' Mirotiçə məbləği 2024-dən etibarən ödəməyi təklif etmişdi. Bu, ispaniyalı oyunçunun bu ilki vergi yükünü azalda bilərdi.

Qarşıdakı günlərdə tərəflər müqavilənin qarşılıqlı şəkildə ləğvi ilə bağlı anlaşma əldə edə bilməsə, çox güman məsələ öz həllini məhkəmədə tapacaq.