''Barselona''nın basketbol komandası bir-birinin ardınca önəmli simaları itirir. Sport24.az xəbər verir ki, bu yaxında öz lideri Nikola Mirotiçi itirən kollektiv indi də baş məşqçi Şarunas Yasekyaviçyusla vidalaşıb.
Çox güman, Mirotiç məsələsində olduğu kim, bu dəfə də maddi məsələlər ön plana çıxıb. ''Barselona''nın prezidenti Xuan Laporta etiraf etmişdi ki, futbol komandasının maddi durumunu düzəltmək üçün digər idman növlərində oyunçuların maaşları azaldılacaq. Mirotiç buna razı olmadığı üçün ayrılmalı olmuşdu.
Amma Yasekyaviçyusla bağlı xəbərlərdə qeyd olunurdu ki, təcrübəli litvalı mütəxəssis maaşının böyük hissəsinin azaldılmasına razıdı. Buna baxmayaraq, dünən bu ayrılıq rəsmən təsdiqini tapdı. ''Barselona'' gördüyü işə görə məşqçiyə təşəkkür edərək ona gələcəkdə uğurlar arzulayıb.
Yasekyaviçyus 2020-nin yayından bu vəzifəni icra edirdi. ''Barsa'' bu müddətdə Avroliqanı qazana bilməsə də, 2 dəfə ölkə çempionu (2021, 2023) və 2 dəfə Kral Kubokunun (2021, 2022) qalibi oldu.
Artıq yeni məşqçinin adına aydınlıq gəlib. Söhbət Rocer Qrimaudan gedir. 45 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb. Qrimau 2003-11-ci illərdə oyunçu kimi ''Barselona''nın şərəfini qoruyub və kapitan sarğısını daşıyaraq bir çox önəmli titullar qazanıb.