Azərbaycanın yeniyetmə basketbolçusu Hüseyn Qaflanov Litvanın paytaxtı Vilnüsdə yerləşən NBA məktəbinə qəbul olub.

Sport24.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, istedadlı oyunçu 2024-cü ilin yayınadək bu məktəbdə xarici mütəxəssislər tərəfindən NBA-nın müasir tələblərinə uyğun məşqlərdə iştirak edəcək.

2.06 metr boya malik 14 yaşlı idmançı orada basketbol biliklərini daha da təkmilləşdirərək gələcəkdə NBA seçimlərinə qatılmaq haqqı qazanmağa çalışacaq.

Xatırladaq ki, Hüseyn Qaflanov Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının üzvüdür.