''Memfis''in lideri və əsas ulduzu Ca Morant gözlənildiyi kimi ağır cəzadan canını qurtara bilməyib. Sport24.az xəbər verir ki, bir müddət öncə əlində silah tutaraq sosial şəbəkədə canlı yayına qoşulan basketbolçunun hərəkəti ilə bağlı MBA rəhbərliyi tərəfindən araşdırma aparıldığı məlum olmuşdu.
Artıq Morantın cəzası bəllidi. Belə ki, o, yeni mövsümün ilk 25 oyununda komandasına kömək edə bilməyəcək! 23 yaşlı basketbolçu səhvini anlayaraq basketbolsevərlərdən üzr istəyib: ''Düşünmək üçün bir xeyli vaxtım oldu. Ətrafımdakı insanlara nə qədər ciddi zərbə vurduğumu anladım. MBA-dan, rəhbərlikdən, komanda yoldaşlarımdan və Memfis əhalisindən üzr istəyirəm. Bu liqa mənə peşəkar olmaq fürsəti verdi. Liqanın rəhbərliyi də hər zaman məni dəstəkləyirdi. Məni özünə örnək sayan uşaqlardan, eləcə də sponsorlarımdan və məni sevənlərdən də üzr istəyirəm. Daha yaxşı olacağıma, səhvimdən nəticə çıxaracağıma söz verirəm. Günahımı mütləq yuyacam. Bütün bu müddət ərzində üzərimdə çalışmaqda davam edəcəm. Hərəkətlərimə və psixoloji durumuma da nəzarət edəcəm. Bilirəm ki, mənsiz komanda yoldaşlarıma çətin olacaq. Buna görə də çox üzgünəm. Ümid edirəm ki, zaman ötdükcə mənə yenidən şans verəcəksiz və sizin görmək istədiyiniz insana çevriləcəm''.