"Qəbələ" üçün qış fasiləsi ərəfəsindəki müddət uğurlu oldu. Hər halda, Elmar Baxşıyevin komandası son 3 turda 7 xal qazanaraq, səfərdə qələbələri sıraladı, evdə isə 10 nəfərlə qaldığı matçda "Qarabağ"dan xal aldı. Klubun prezidenti Fariz Nəcəfov iştirakçısı olduğu 44 günlük Vətən müharibəsindən qayıdaraq, İdman Araşdırmalar Mərkəzi tərəfindən İlin Döyüşkən İdman Xadimi mükafatına sahib çıxdı. Nəcəfov tədbirdən sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

 

- Qış fasiləsinin yaranmasına heyfsilənmirsiniz. Çnüki "Qəbələ" yalnız sona 3 tur qalmış ayıldı...

- (gülür) Yox. Bu, normal bir prosesdi, fasilə də olmalıdı. Razıyam ki, son oyunlarda komanda doğrudan da çox yaxşı təsir bağışlayırdı. Yenə də inanmaq istəyirəm ki, qış fasiləsindən sonra da eyni qaydada davam eləməyə başlayacağıq. 

 

- Siz ordudan qayıdandan sonra həqiqətən komandanızda bir dönüş yarandı. Qarabağda ordumuz qalib gəldi, burda da "Qəbələ" qələbə qazanmağa başladı. Motivasiya etmişdiniz?

- Yox. İnanın ki, komandayla heç bir əlaqəm yox idi. Ancaq çox təsadüfi hallarda, şəbəkə, imkan olanda, telefondan istifadə edə bildiyim yerlərdə xəbərləri oxuyurdum. Əlaqə saxlaya biləndə bunu baş menecerlə Zaur Əzizovla edirdim. Komandadakı ab-havadan xəbərim vardı. Bilirdim ki, uşaqlar yoxluğumun hiss olunmamasına çalışırlar. 

 

- Nigeriyalı hücumçunuz Ceyms Adeniyinin adı xeyli müxtəlif klublar ətrafında hallanır. Bizdə olan məlumata görə, onun qalmasına meylli deyilsiniz. Ceymsin taleyi necə olacaq?

- Yox, Adeniyi kimi futbolçunun qalmasını çox istəyirik. Özü də qalmaq istəyər. Yalnız büdcəmiz buna imkan vermir. Buna görə də bəzi klublardan təklfilər var, müzakirə olunur məsələsi. Sözsüz ki, futbolçunun özü də həmin klublara getmək istəməlidi. Gözləyirik ki, bizim klub üçün Adeniyinin transferi ilə bağlı hansı təkliflər olacaq. 

 

- Yerli bazardan, yoxsa xarici?

- Bizə gələn təkliflər əsasən xaricdəndi. Yerli klublardan bizə müraciət olmayıb. Xəbərimiz var ki, hansısa klublarımız Ceymslə maraqlanıb. Ancaq rəsmi təklif olmayıb.

 

- Qışda yeni transfer gözlənilir?

- Əlbəttə. Ən azı bir futbolçuyla danışmalıyıq. Bildiyiniz kimi, Rodriqo Qattası da yola saldıq. Adeniyinin də gedişi baş tutduqdan sonra mütləq şəkildə bir futbolçuya ehtiyac yaranır. Onu da axtarırıq. Bu, hücumameylli futbolçu olacaq.

 

- Komandanın hədəfi yenidən avrokuboklara dönüş etməkdi, yoxda büdcə hələ buna imkan vermir?

- Mövsümün əvvəlində qarşımıza qoyduğumuz məqsəd nədirsə, onun ardınca gedirik. Əvvəl də demişik - maksimum hansı nəticə əldə edə biliriksə, onu da eləməyə çalışmalıyıq. Yaxşı oyun göstərmək, akademiyanın futbolçylarını yetişdirmək və üzə çıxarmaq - bunlar əsas hədəflərimizdi. Avrokuboklara vəsiqə qazanmaq şansımız varsa, bundan da istifadə etməyə çalışacağıq. 

 

- Avrokuboklara çıxsanız, büdcənizdə fövqal dəyişiklik ola bilərmi?

- Bu barədə heç nə deyə bilmərəm. Çünki nəsə gərək olsun ki, ətrafında danışasan. Hal-hazırda nə belə bir variant var, nə bir təklif. Ancaq istəyərik ki, olsun. 

 

 

CEYHUN ƏLİYEV