Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin simvoluna çevrilən xarı bülbül bu dəfə idman meydanlarını bəzəyəcək. 

Mədəniyyət paytaxtımız Şuşanı təmsil edən “Xarı bülbül” voleybol klubu yeni mövsüm üçün Zəfər Günündə idman formalarını təqdim edib. 

Ölkəmizin ilk idman geyimləri brendi olan “IL'AZERO” tərəfindən hazırlanan formalar müxtəlif rənglərdədir. Klubun ağ rəngli formalarında Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın adları, həmçinin Azərbaycanın məşhur xalçaçısı, xalq rəssamı Lətif Kərimovun əsərlərindən milli naxışlar əks olunub. Köynəyin üzərində klubun və istehsalçı şirkətin loqosu da yer alıb. Milli ornamentlərlə bəzədilən formanda “Xarı bülbül” Şuşa sözlərinin yazılması klubun tarixi torpağımızı təmsil etdiyinin göstəricisidir.

Qeyd edək ki, kişi voleybolçulardan ibarət klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir. Bu il ölkə çempionatında debüt edəcək komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarı bülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir. Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komandamız bu yaxınlarda Macarıstanda təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb. 

Klubun prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva, baş məşqçisi Ziya Rəcəbov, təsisçisi isə beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi, eyni zamanda komandanın voleybolçusu İlqar İmamquliyevdir.