1 aprel tarixi idman aləmində bir neçə hadisə ilə yadda qalıb. Sport24.az xəbər verir ki, bu tarixin Azərbaycan idmanı üçün də əhəmiyyəti var.

Belə ki, Azərbaycan voleybol komandası olan "Lokomotiv" Bakı 2012-ci ilin bu günündə "CEV Kuboku"nun qalibi olub.  Belə ki, komanda, Azərbaycan Çempionatının Super Liqa yarışlarının gümüş medallarına layiq görülməklə yanaşı, həm də, Avropa Çağırış Kuboku (CEV Challange Cup) beynəlxalq turnirində, Xorvatiyanın "ZOK Split", Belçikanın "Gent", Serbiyanın "OK Vizura Beograd", Macarıstanın "Vaşaş Budapeşt", Çexiyanın "VK KP Kralovo Pole Brno" voleybol komandalarını mübarizədən kənarlaşdırıb. Final mərhələsində Azərbaycan təmsilçisi "Bakı" voleybol klubunu da üstələyərək, sözügedən türnirin qızıl medallarına layiq görülüb və tarixində ilk dəfə olaraq, CEV Kubokunu qazanıb. Sonda turnirin Ən Dəyərli Oyunçusu da Dəmiryolçulardan seçilib.  Komandanın kapitanı Nansi Metkalf göstərdiyi möhtəşəm oyunla layiqli şəklidə bu ada sahib olub.

Bundan başqa Paraqvay milli komandası 1953-cü ilin bu günündə Amerika Kubokunu qazanıb. 22-ci dəfə təşkil edilən turnirdə 7 komanda mübarizə aparıb. Paraqvay yığması bu uğura 3 qələbə, 2 bərabərlik və bir məğlubiyyət nəticəsində nail olub. Həlledici görüşdə Paraqvay Braziliya yığmasını 3:2 hesabı ilə məğlub edib. Bu Paraqvayın Amerika Kubokunda ilk çempionluğu olub.