28 iyul - 08 avqust tarixlərində Çinin Çenqdu şəhərində keçiriləcək Ümumdünya Universiadasında Azərbaycan komandasının bayraqdarları müəyyənləşib. Çinə yollanacaq nümayəndə heyətinin qadın bayraqdarı cüdo üzrə qadınlardan ibarət yığma komandanın üzvü Gültac Məmmədəliyeva, kişi bayraqdarı isə atlet Nazim Babayev olacaq. Hazırda ölkə xaricində təlim-məşq toplanışında olan Sumqayıt cüdo məktəbinin yetirməsi Gültac Məmmədəliyeva Sport24.az-a müsahibəsində həm bayraqdar seçildiyi üçün sevindiyini bildirdi, həm də futbolçu karyerasını davam etdirməmə səbəbini söylədi.
- Bayraqdar seçildiyini eşidəndə hansı hissləri keçirdin?
- Çində keçiriləcək Universiadada bayraqdar seçildiyimə görə çox sevincliyəm. Açığı, mənim üçün xoş sürpriz oldu. Xəbəri saytlarda oxudum. Bundan sonra toplanışda birgə olduğum idmançılar təbrik etdilər. Bayraqdar olmaq həm də böyük məsuliyyətdi. İnşallah, Çenqduda vətənimizi layiqincə təmsil edərik. Bayraqdar olaraq Çində bayrağımızı dalğalandırıb, himnimizi səsləndirmək arzusundayam. Mənimlə bərabər yarışa yollanacaq bütün idmançılara uğurlar arzulayıram.
- Qatıldığın son beynəlxalq yarışlarda özünü yaxşı tərəfdən göstərə bilmisən. Çindən medal gətirmək çətin olmayacaq?
- Qatıldığım son 5 yarışın 4-dən medal götürmüşəm. Təəssüf ki, dünya çempionatında kürsüyə qalxa bilmədim. Çindən medalla dönəcəyimə inanıram. Əsas hədəfim “qızıl”dı. Çempion ola bilməsəm də, ən azı mükafatçılar sırasında yer alacağıma əminəm. Hazırda Niderlandda təlim-məşq toplanışındayıq. Yüksək səviyyədə hazırlıq keçirik. Ümid edirəm, toplanışda çəkdiyim zəhmətin bəhrəsini Universiadada görəcəm.
- Məndə olan məlumata görə, cüdo ilə yanaşı futbolla da məşğul olmusan. Hətta yığmanın da şərəfini qorumusan. Maraqlıdı, niyə sonda futbol yox, məhz cüdonu seçdin?
- Cüdo ilə peşəkar səviyyədə məşğul olduğum halda, futbola hobbi kimi baxmışam. Sadəcə, yaxşı futbol oynayıram (gülür). Bu səbəbdən millinin məşqçiləri məni yığmaya dəvət ediblər. U-15, U-17 və U-19-un şərəfini qorumuşam. Futbol komanda oyunudu. Bəzən səndən asılı olmayan səbəbdən məğlub olursan. Cüdoda isə əksinə, hər şey özündən asılıdı. Bir müddət futbol oynadıqdan sonra fikrimi bütünlüklə cüdoya yönəltdim. Peşəkar idmanda bir əldə iki qarpız tutmaq qeyri-mümkündü.
RƏŞAD QASIMOV