Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşünü başa vurub. Sport24.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma sonuncu - 5-ci turda da "sülhə" razılaşıb.

 

Hesabat turunda üç şahmatçımız ağlarla, iki şahmatçımız isə qara fiqurlarla çıxış edib. Görüşün üç partiyası heç-heçə başa çatıb. Azərbaycan millisində Günay Məmmədzadə qələbə qazanıb, Ülviyyə Fətəliyeva məğlub olub. Yoldaşlıq görüşündə son tur 2,5:2,5 hesablı nəticəylə yekunlaşıb.

 

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparıb və sonda 12,5:12,5 hesablı heç-heçə qeydə alınıb.

 

Tbilisidə keçirilən yoldaşlıq görüşünün müxtəlif turlarında qonaq olan Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nın vitse-prezidenti Mahir Məmmədov, Gürsüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili və Avropa Şahmat İttifaqının rəhbəri Zurab Azmayparaşvili şahmatçılara uğurlar arzulayıb, belə qarşılaşmaların şahmatçıların yüksək oyun formasını qorumasına kömək etdiyini bildirib.

 

Qeyd edək ki, Gürcüstan millisi Ümumdünya Şahmat Olimpiadasının dördqat qalibidir. Qonşu ölkənin qadın şahmatçılardan ibarət yığması dünya və Avropa çempionatının qızıl medalçısıdır. Yoldaşlıq görüşündə iştirak edən Gürcüstan komandası 2433 orta reytinq xalına malikdir. Yığmamızın isə orta reytinq xalı 2382-dir.

Yoldaşlıq görüşü rəsmi xarakter daşıyıb. Nəticələr FIDE reytinqinə hesablanacaq.