"Qalatasaray"ın İdarə Heyətinin üzvü Emin İmanov Bakıda səfərdədi. Klub funksionerinin paytaxta hansı səbəb gətirib? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Emin bəylə söhbətləşməyi lazım bildik. İstanbul nəhənginin rəhbərliyində təmsil olunan soydaşımız Sport24.az-a müsahibəsində həm səfərin məqsədini açıqladı, həm də başqa mövzulara toxundu.  

 

 

 

- Bakıya səfərinizin məqsədini bilmək istərdik...

 

- Bakıya şəxsi işlərim, həm də "Qalatasaray"ın idman məktəbələrinin açılışı ilə bağlı gəlmişəm. Bu məsələ ilə bağlı iclaslarda iştirak etdim.

 

- Mümkündüsə bu məsələ ilə bağlı daha ətraflı məlumat verərdiz...

- "Qalatasaray" olaraq həm Türkiyədə, həm də ölkə xaricində idman məktəbləri açırıq. Bu böyük layihədi. Artıq Kiprdə bu yöndə işlər görmüşük. Məktəbimizdə müxtəlif idman növləri – basketbol, atletika, voleybol, üzgüçülük və futbol bölmələri fəaliyyət göstərir. Eynisini də Bakıda reallaşdırmağı düşünürük. Bilirik ki, Azərbaycanda "Qalatasaray" çox sevilir, klubumuzun geniş azarkeş kütləsi var. Paytaxtda 20, 23 nömrəli məktəblər və Müsair Təhsil Kompleksi ilə müqavilələr bağladıq. "Tofiq Bəhramov"un ərazisindəki mini-meydançada da məktəbimiz fəaliyyət göstərəcək.

 

- Layihə ancaq Bakını əhatə edəcək, yoxsa başqa şəhər və rayonlarımızda da məktəbiniz olacaq?

- Hələ ki, ilk addımlar atılır. İlk ildə Bakıdakı məktəbləri relsə salmağı düşünürük. Ondan sonra Azərbaycanın böyük şəhərlərinə üz tutmaq fikrimiz var.

 

- Türkiyədə də mövsüm başa çatmaq üzrədi. "Qalatasary"ı artıq çempionluq münasibəti ilə təbrik etmək olar?

- Türklərinin bir sözü var: top yuvarlaqdı... Təbii ki, hədəfimiz çempionluqdu. Dünən də Adanada 3:0 hesabı ilə qalib gəldik. Hazırda ən yaxın izləyicimizdən 7 xal irəlidə olmağımıza baxmayaraq, ehtiyatlıyıq. Ümid edirik ki, "Fənərbaxça" ilə matça çempion kimi çıxacağıq.

 

- "Qalatasaray"ın "Qarabağ"la çox isti münasibətləri var. Qarşıdakı aylarda Ağdam klubu ilə birgə hansısa layihə reallaşdırmağınız mümkündü?

- Bəli, iki klubun birgə layihələri var. Cari mövsüm həm "Qarabağ", həm də "Qalatasaray" üçün ağır keçdi. Ağdam klubu Avropa Liqasında uğurlu çıxışıla yadda qaldı. "Qalatasaray" isə Çempionlar Liqasında, ardınca Avropa Liqasında mübarizə apardı. Bu üzdən bəzi planlaşdırğımız layihələri həyata keçirə bilmədik. Biz "Qarabağ"la qardaş klubuq. Yaxın aylarda bəzi turnirlər, yoldaşlıq matçları keçirməyi planlaşdırmışıq.

 

- Sizcə, niyə bizim futbolçular Türkiyənin böyük klublarının maraq dairəsinə düşə bilmirlər? Elə İdarə Heyətində təmsil olunduğunuz "Qalatasaray"ı götürək...

- Məhz bu səbəbdən Azərbaycanda "Qalatasaray"ın idman məktəblərini açıb, idmançı yetişdirmək istəyirik. İdman mərkəzlərində Türkiyənin tanınmış məşqçiləri çalışacaq. Tək "Qarabağ"da yox, Azərbaycanın istənilən klubunda yetənəkli gənc olacaqsa, "Qalatasaray"a yolu açılacaq. Azərbaycanlı futbolçuların Türkiyədə legioner hesab olunmaması da müsbət haldı. Hazırda bəyəndiyimiz, diqqətdə saxladığımız futbolçular var. Qismətdə varsa, onlar bir gün "Qalatasaray"ın formasında meydana çıxacaq.

 

- Türkiyə futbolunda yaşanan proseslərdən xəbərdar olduğunuz üçün bu sualı sizə verməyə məcburam. Son vaxtlar Qurban Qurbanovun adı "Beşiktaş"la yanaşı hallanır. İstərdik bu məsələyə münasibət bildirərdiz...

- Yalan söhbətdi.

 

RƏŞAD QASIMOV