Premyer Liqada mövsümün başa çatmasına 3 tur qalıb. "Qarabağ" erkən çempionluğu təmin edibsə, mükafatçılar və avrokuboklara yollanacaq digər klubların adları hələ məlum deyil. Hazırda 4 komanda 3 vəsiqə uğrunda mübarizə aparır. Bu döyüşdən kim qalib ayrılacaq? Yığma komandanın seleksioneri İlqar Qurbanovla söhbətdə şansları dəyərləndirməklə yanaşı, digər mövzular barədə də danışdıq.  

 

- Premyer Liqanın başa çatmasına 3 tur qalır. Çempionatın gedişatı barədə fikirlərinizi bilmək istərdik...
- Ümumi götürəndə cari mövsüm maraqlı keçir. Ən azı avrokuboklar uğrunda gərgin mübarizəyə şahidlik edirik.Məncə, sonuncu tura kimi bu intriqanı görəcəyik. Könül istərdi ki, çempionluq və elitada qalmaq uğrunda da eyni hal yaşanardı.  

 


- Hansı klubların avrokuboklara yollanmağa şansı çoxdu?
- Mənə görə hansı klubların qitəmiqyaslı yarışlara vəsiqə qazanması yox, həmin turnirlərdə necə mübarizə aparmaqları maraqlıdı. "Qarabağ"dan başqa digər komandalarımızdan hazırkı vəziyyətdə ciddi uğur gözləmək absurddu. Ən yaxşı halda bir mərhələ keçib üstümüzə qayıdırlar. Düşünürəm ki, elita təmsilçilərimiz avrokuboklara vəsiqə qazanmaqdan çox ciddi inkişaf barədə düşünsələr yaxşı olar.

 

- İnkişaf deyəndə nəyi nəzərdə tutursuz?
- Gəlin, Premyer Liqamıza nəzər yetirib real vəziyyəti dəyərləndirək. Bu gün Premyer Liqada "Qarabağ"la rəqabət apara biləcək komanda yoxdu. Ona görədə də Ağdam təmsilçisi  erkən çempionluğu rəsmləşdirir. Digər klublarımız isə ilk "4-lük"də yer alanda sevinirlər. Bu cür yanaşmayla nə inkişafa nail olurlar, nə də avrokuboklarda uğur qazanırlar.Elitada təmsilçiləri qarşılarına maksimum hədəf qoymalıdılar. Ən azı çempionluq uğrunda 4-5 komanda mübarizə aparmalıdı. Ona görə yuxarıda dedim ki, klublarımız böyüməli və peşəkarlaşmalıdı. Amma görünən odur ki, bu tezliklə baş verməyəcək.

 

- Sabiq klubunuz "Qəbələ"nin  elitanı tərk edəcəyi dəqiqələşib. Bu barədə nə deyərdiz?
- Təbii ki, "Qəbələ"nin mövcud vəziyyəti üzücüdü. Mənə də bu komandanı turnir cədvəlinin zirzəmisində görmək xoş deyil. Kaş ki, belə olmayaydı. "Qırmızı-qaralar" Azərbaycan futbolunda iz qoymuş klublardandı. Ümid edirəm ki, onlar elitanı tərk edib dağılan digər klublarımızın aqibətini yaşamayacaq.

 

- "Qəbələ"yə güzəşt edib elitada saxlamaq olar?
- Xeyr. İdman prinsipi qorunmalıdı. Odur ki, sonuncu olan getməli, yerinə aşağı liqadan komanda gəlməlidi.


 

- Növbəti mövsüm üçün komanda sayının artırılması gündəmdədi. Bu barədə nə deyərdiz?
- Mövcud Nizamnamənin tələblərinin qorunmasının tərəfdarıyam. Yəni, növbəti "futbol ili"ndə də Premyer Liqada 10 komandanın çıxış etməsinin tərəfdarıyam.  

ABDULLA İSMAYILOĞLU