Dünən Gəncədə AFFA-nın bayrağı altında keçirilən U-16 liqasında ölkə futbolu adına növbəti biabırçılıq yaşanıb. Sport24.az xəbər verir ki, "Kəpəz"in müvafiq yaş qrupunun "Qəbələ"dən olan həmyaşıdları ilə oyununda qonaqların futbolçuları bir qrup azarkeş tərəfindən dayanmadan təhqir olunub, ardınca isə futbolçuları şiddətə məruz qalıb. Hətta vəzityyət o dərəcəyə çatıb ki, dava-dalaşda qonaqların bir neçə futbolçusu xəsarət alıb.

 

Baş verənlərə aydınlıq gətirmək üçün Gəncə klubunun aşağı yaş qrupları üzrə koordinatoru Vasif Vəliyevlə əlaqə saxladıq: "Baş verənlər oyunun gərginliyindən irəli gəldi. Bəli, belə hallar olmamalıdı, təəssüf ki, xoşagəlməz olay baş verdi. Matçın sonlarında uşaqlar bir-birlərinin sözlərini həzm edə bilmədilər ki, bu da dava-dalaşa səbəb oldu. Vaxtında müdaxilə edib davanın böyüməsinə imkan vermədik. U-19 Liqasında keçirilən qarşılaşmalarda polis, mühafizə olur. Ancaq bu yaş qrupunda belə qayda yoxdu".

 

Vəliyev məsələnin bu həddə çatmasını rəqib komandanın futbolçularının təzyiqə tab gətirməməsi ilə əlaqələndirib, oyunboyu qeyri-etik ifadələr səsləndirənləri isə tanımadıqlarını bildirib: "Kənardan oyunu izləyən azarkeşlərin rəqib komandanı təhqir etdiyini eşitməmişəm. Orda cəmi 4-5 nəfər var idi ki, onları da tanımırıq. İstər Premyer Liqa, istərsə də başqa mötəbər turnirlər olsun, azarkeş həmişə rəqib komandanı təzyiq altında saxlamaq istəyir. Futbolçular da peşəkar olmalı, kənardan deyilənlərə reaksiya verməməlidi. Biz uşaqlara bu barədə təlimat veririk, başa salırıq, ancaq faydası yoxdu. Oyun vaxtı biz azarkeşə nəsə deyə bilmərik. Cavandılar, təzyiqə tab gətirmədilər və dava-dalaş düşdü. Yenə deyirəm oyunu kənardan izləyənləri tanımırıq, ilk dəfə idi görürdük".