Argentinalı şahmatçı Faustino Orodan maraqlı xəbər var. Sport24.az xəbər verir ki, hazırda onun reytinq xalı artıq 2300-ü ötüb.
Məsələni qeyri-adi edən isə odu ki, Oronun cəmi 9 yaşı var! O, şahmat tarixində bu qədər reytinq toplayan ən gənc oyunçu statusuna yiyələnib. Oro 2020-nin mayından etibarən ciddi şəkildə oynamağa və xallar toplamağa başlayıb. Cəmi 3 il ərzində o, ''FİDE-nin masteri'' statusuna qədər yüksələ bilib. Oro bu müddətdə Argentinada 8 yaşa qədər şahmatçılar arasında çempion olmaqla yanaşı 10 yaşa qədər oyunçuların Panamerika çempionatının da qalibi olmuşdu. Bundan sonra isə böyüklərin turnirlərində iştirak etməyə başlamışdı.
FİDE-nin ən son yenilənmiş reytinqində Oronun klassik şahmatda aktivində 2316 xal var. İndiyə qədər bu cür gənc yaşda heç kimin aktivində bu qədər çox xal olmayıb. 2400 xala çatmaq baxımından ən gənc oyunçu ilə bağlı rekord özbəkistanlı Nodirbek Abdusəttarova məxsusdu. O, 2015-ci ildə 10 yaş 5 aylığında bu qədər xal toplamağa müvəffəq olmuşdu.