1906-cı ilin bu günündə növbədənkənar Yay Olimpiya Oyunları keçirilib. Yunanıstan 1896-cı ildə həyata keçirilən ilk olimpiadalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək 10-cu il şərəfinə xüsusi bir olimpiada təşkil etməsini tələb etdi. Yunanıstanın bu tələbi qəbul edildi və 1906-cı ildə ara olimpiadaların keçirilməsinə qərar verildi.

Oyunlar üçün rəsmi olaraq "Olimpiya" sözü istifadə edilmir. Çünki 3-cü ilə 4-cü Olimpiya oyunları arasında təşkilat komitəsi olmayıb. Müsabiqələr nəticəsində medal paylandığı halda, bu medallar BOK tərəfindən tanınmır.

Aprelin 22-də start götürən Yay Olimpiya Oyunları Afina şəhərində təşkil edilib. 20 ölkədən 903 idmançı 13 növdə medallar uğrunda mübarizə aparıb. Yarışlarda 15 qızıl, 9 gümüş və 16 bürünc medal qazanan Fransa ümumilikdə 40 medalla ölkə sıralamasında birinci olub. İkinci pillə aktivində 12 qızıl, 6 gümüş və 6 bürünc medal olan ABŞ-ın payına düşüb. İlk üçlüyü isə 8 qızıl, 14 gümüş və 13 bürünc medalla Yunanıstan qapayıb.