Bu gün Azərbaycan güləşçiləri Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar. Sport24.az xəbər verir ki, 77 kq çəkidə yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşərək 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Bu gün qadın güləşçimiz Elis Manolova da "Tokio-2020"də mübarizəyə başlayıb. 68 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə görüşərək 2:13 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.