2016-cı ilin Olimpiya çempionu, amerikalı yüngül atlet Tori Boui dünyasını dəyişib. Sport24.az ''Qardian'' nəşrinə istinadən xəbər verir ki, tanınmış idmançı doğuş zamanı həyatla vidalaşıb.

Tibbi ekspertizanın rəyinə görə Boui hamiləliyin 7-ci ayında idi və onda erkən doğuş olub. İdmançı Floridadakı evində ölü tapılıb. Onun cəmi 32 yaşı var idi.

Belə güman olunur ki, Boui hamiləliyini yaxınlarından gizlədirmiş. Çünki onun bu vəziyyətdə olduğunu heç kim bilmirdi.

Tori 2016-cı ildə Rio de Janeyroda keçirilən Yay Olimpiadasında 4x100 metrəyə qaçış estafetində qızıl medalların sahibi olmuşdu. Həmin olimpiadada o həm də 100 metrədə gümüş, 200 metrədə bürünc medalları qazanmışdı. Bundan başqa Boui dünya çempionatının ikiqat qalibi və bürünc mükafatçısı idi.