Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Vətənə qayıdıblar. Sport24.az xəbər verir ki, çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən başlayan H.Heydərov birinci görüşdə israilli Tohar Butbulu, 1/4 finalda isə Kanada idmançısı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb. Yarışa1/8 final mərhələsindən qoşulan Zelim Kotsoyev birinci görüşdə polşalı Pyotr Kuçera ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz 1/4 finala vəsiqə qazaınb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçikə vaza-ari xalı ilə qalib gələn idmançımız adını yarımfinala yazdırıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib. Həlledici raundda gürcüstanlı İlya Sulamanidzeyi ipponla məyus yola salan təmsilçimiz Olimpiya çempionu olub.