Güləş üzrə Azərbaycan milli komandalarının heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində ölkəmizi 14 idmançı təmsil edəcək.

 

Sərbəst güləş millimiz 6 çəki dərəcəsindən beşində təmsil olunacaq. Maqomedxan Maqomedov 97 kq çəkidə artıq Parisə lisenziya qazandığından bu çəkidə təmsilçimiz olmayacaq. Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.

 

Yunan-Roma güləşçilərimiz 4 çəkidə təmsil olunacaq. Artıq Fransa paytaxtına vəsiqə qazanan Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanova (77 kq) qoşulmaq üçün Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) xalçaya çıxacaq.

 

Qadınlarımız isə 5 çəki dərəcəsində təmsil olunacaq. Yalnız ağır çəkidə idmançımız mübarizə aparmayacaq. Paris-2024-ə lisenziya üçün Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, aprelin 5-7-də keçiriləcək yarışda 301 güləşçi 36 lisenziya üçün mübarizə aparacaq.