Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək daha 36 güləşçi bəlli olub. Sport24.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Asiya Olimpiya Təsnifat Turnirindən sonra Paris-2024-ün ümumilikdə 232 iştirakçısı dəqiqləşib.

 

Artıq hər çəkidə 13 lisenziya sahibini tapıb. Son üç vəsiqə uğrunda mübarizə mayın 9-12-də İstanbulda təşkil olunacaq Dünya Olimpiya Təsnifat Turnirində gerçəkləşəcək.

 

İndiyə qədər sahibinə qovuşan 232 lisenziyadan 213-nü 55 ölkə güləşçiləri qazanıblar. Neytral statuslu 19 idmançı da Parisə bilet əldə edib.

 

Yaponiya və ABŞ 18 çəkidən 13-də vəsiqə qazanmaqla hamını qabaqlayır. Hesabında 8 lisenziya olan Azərbaycan yığması ilk "doqquzluq"dadır. Millimiz Əlcəzair və Qırğızıstanla 7-9-cu yerləri bölüşür.