Güləş üzrə növbəti Olimpiya Təsnifat Turnirinə start verilib. Sport24.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdəki Asiya təsnifat yarışının ilk günündə sərbəst güləşçilər 12 lisenziyanın sahibini müəyyənləşdiriblər.

 

Bütün çəkilərdə Paris-2024-ə vəsiqə qazanan Azərbaycan pəhləvanlarının mümkün rəqibləri sırasında 6 ölkənin hərəsindən iki güləşçi əlavə olunub. Qırğızıstan, Monqolustan, Yaponiya, Özbəkistan, İran və Qazaxıstan hərəyə 2 çəkidə olimpiya bileti qazanıb. İran vəsiqə sayını 5-ə çatdırmaqla 2-ci yerə yüksəlib.

 

Vəsiqə sayında Yaponiya 4-ə, Özbəkistanla Qazaxıstan 3-ə yüksəlibsə, Monqolustanla Qırğızıstan ilk iki lisenziyalarını əldə ediblər. Bununla Parisdə iştirak edəcəyi dəqiqləşən sərbəst güləşçilərin sayı 78-ə, onların ölkələri isə 30-a çatıb. Bu 30 ölkədən başqa, Fərdi Neytral Atletlər komandası da Olimpiadaya qatılacaq.

 

1. Azərbaycan – 6
2. İran – 5
3-6. ABŞ - 4
Misir – 4
Puerto-Riko – 4
Yaponiya – 4
7-10. Gürcüstan - 3
Kuba – 3
Özbəkistan -3
Qazaxıstan – 3
11-19. Kanada - 2
Avstraliya - 2
Ermənistan – 2
Qvineya-Bissau – 2
Meksika – 2
Serbiya – 2
Türkiyə - 2
Monqolustan – 2
Qırğızıstan – 2
20-30. Venesuela - 1
Samoa – 1
San-Marino – 1
CAR - 1
Nigeriya - 1
Yunanıstan – 1
Macarıstan - 1
Əlcəzair – 1
Albaniya – 1
Bəhreyn – 1
Dominikan Respublikası – 1
* Fərdi Neytral Atletlər – 10

Qeyd edək ki, Azərbaycanı Paris-2024-də Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomodov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) təmsil edəcək.