Güləş üzrə Azərbaycan milliləri aprelin 5-7-də keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Bakıda davam etdirirlər.

Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.

Sərbəst güləş millimiz martın 17-də təlim-məşq toplanışına başlayıb. Türkmənistan, Macarıstan və İspaniya yığmaları ilə yanaşı, İtaliya, Estoniya və Bolqarıstandan bir neçə güləşçi də AGF-nin təlim-məşq bazasında keçirilən hazırlıq prosesinə qatılıb.

Qadın güləşçilər də həmin tarixdən etibarən sonuncu toplanışa start veriblər. Yaxın günlərdə Rusiya və Rumıniya kimi güclü millilərin də komandamızla birgə hazırlıq prosesində iştirakı gözlənilir.

Yunan-Roma güləşi yığmamız isə martın 22-də eyni məkanda toplanışa başlayacaq. Almaniya, Serbiya və İspaniyanın müvafiq komandaları da Bakıya təşrif buyuracaq. Birgə toplanışa İtaliya və ABŞ-dan bir neçə güləşçinin qatılması da planlaşdırılır.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turnirinin proqramına əsasən, aprelin 5-də yunan-Roma güləşi, 6-da qadın güləşi, 7-də isə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Yarışın biletlərini iticket.az saytından və "İticket"in satış nöqtələrindən almaq mümkündür.