İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir. Sport24.az. xəbər verir ki, mundialda bu gün sərbəst güləş üzrə son 5 çəki dərəcəsində mübarizəyə start verilib.

 

Yarışa qoşulan Azərbaycan millisinin idmançılarından ikisi yarımfinala vəsiqə əldə edib. Rəvan Həsənzadə 1/16 finalda gürcüstanlı Levan Nozadzeyə "tuş"la qalib gəlib. O, daha sonra monqolustanlı Oçirxu Badarxa 6:3 hesabıyla məğlub edib. Həsənzadə Kiril Nikitsikə (AİN) də tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Rəvan yarımfinalda iranlı Amirabbas Ramezanibazarmahalleh ilə güləşəcək.

 

Muhəmməd İsmayılov iranlı Sam Arşadğasabsarayiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.


Hüseyn İsmayılov britaniyalı Danuş Jovkara (4:1), daha sonra iranlı Fərhad Xateriyə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Hüseyn finala gedən yolda ermənistanlı Hayk Avanesyanla güləşəcək.


Nihad Abasov 1/8 finalda amerikalı Melvin Millerə (0:11) məğlub olub.

 


Fərhad Süleymanlı təsnifat mərhələsində amerikalı Con Diakomihalisə uduzub - 3:7.

Qeyd edək ki, bu çəki dərəcəsində medal görüşləri sabah olacaq.