Azərbaycan güləşçisi Əliabbas Rzazadə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sport24.az xəbər verir ki, sərbəst güləşçimiz bu uğura Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində nail olub.

57 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Vladimir Yeqorovla (Şimalı Makedoniya) qarşılaşıb. Rzazadə 4:3 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.

Əvvəlki mərhələlərdə Simone Piroddu (İtaliya) 11:0 və Süleyman Atlını (Türkiyə) 6:0 hesabı ilə məğlub edən pəhləvanımız Bakıdakı yarışda Azərbaycan yığmasının ilk lisenziyasının sahibi olub.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 4 güləşçisi Paris-2024-ə lisenziya üçün həlledici qarşılaşmaya çıxacaq.