Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys gələcəyi ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

 

Bir müddət əvvəl Almaniya klubu 35 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Həmçinin Roysun karyerasını bitirməsi ehtimalı da var idi.

 

Romanonun yaydığı məlumata görə isə Roys karyerasını davam etdirmək qərarına gəlib. O, qarşıdan gələn yay "transfer pəncərəsi"ndə azad agent kimi MLS klublarından birinə keçməyi düşünür. Markonun artıq bu liqada çıxış edən komandalardan biri ilə danışıqlar apardığı iddia edilir. Lakin klubun adı, razılaşmanın təfərrüatları açıqlanmır.

 

Qeyd edək ki, 2012-ci ilin yayından "Borussiya"da çıxış ediən Marko Roys bu klubla 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib.