Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.

Sport24.az xəbər verir ki, bu gün sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya sahiblərini müəyyənləşdirəcək yarımfinal mərhələsinin iştirakçıları bəlli olub. Azərbaycan millisinin 5 idmançısısının hamısı həlledici görüşə vəsiqə qazanıb. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) bu gün baş tutacaq yarımfinalda Paris-2024-ə "bilet" üçün mübarizə aparacaq.

Sərbəst güləş
7 aprel

57 kq
Əliabbas Rzazadə ilk qarşılaşmada Simone Piroddu (İtaliya) ilə üz-üzə gəlib və inamlı qələbə qazanıb - 11:0. O, 1/4 finalda türkiyəli Süleyman Atlıdan da güclü olub (6:0). O, yarımfinalda Vladimir Yeqorovla (Şimali Makedoniya) ilə qüvvəsini sınayacaq.

65 kq
Hacı Əliyevin yarışa Həmzət Arsamerzoyev (Fransa) üzərində qələbə ilə başlayıb. O, rəqibini 5:2 hesabı ilə məğlub edib. Əliyev 1/4 finalda Niurqun Skriabini (AİN) mübarizədən kənarlaşdırıb - 4:2. Hacı yarımfinalda İslam Dudayevlə (Albaniya) güləşəcək.

74 kq
Turan Bayramov Tobias Portmann (İsveçrə) ilə qarşılaşıb. O, rəqibini 10:0 hesabı ilə məğlub edib. Turan 1/4 finalda Zurab Kaprayev (Rumıniya) səddini də aşıb - 5:1. Turan yarımfinalda Frank Çamizo Markezlə (İtaliya) münasibətinə aydınlıq gətirəcək.

86 kq
Osman Nurmaqomedov mübarizəyə Domantas Pauliçenko (Litva) ilə görüşlə start verib. Rəqibinə 11:0 hesabı ilə qalib gələn güləşçimiz 1/8 finala yüksəlib. O, bu bu mərhələdə isveçrəli Samuel Şerrerlə üz-üzə gəlib və bu döyüşü də aktivinə yazıb - 5:0. Osman 1/4 finalda Bolqarıstanı təmsil edən Maqomed Ramazanovu 6:2 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Nurmaqomedov Olimpiya "bileti" üçün Vasili Mixaylovla (Ukrayna) qarşılaşacaq.

125 kq
İlk mərhələdən azad olan Giorgi Meşvildişvili 1/4 italiyalı Abraham Konyedo üzərində qələbə qazanıb - 10:0. Onun yarımfinaldakı rəqibi Alen Xubulov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışın ilk 2 günündə lisenziya qazana bilməyib. Ümumilikdə isə ölkəmizin üç güləşçisi Paris-2024-də iştirak hüququ əldə edib. Maqomedxan Maqomedov (97 kq) sərbəst, Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) yunan-Roma güləşində olimpiya lisenziyası qazanıb.