İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb.

Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Balakən Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, "Ocaq" Sport Klubu (Bakı və Sumqayıt bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbini 24 qadın və 29 kişi olmaqla ümumilikdə 53 idmançı təmsil edir.

Bakı çempionatında böyüklər (2008-ci il və daha böyüklər), gənclər (2011-2009), yeniyetmələr (2012-2013) yaş kateqoriyasında qadın idman gimnastikasının nümayəndələri, böyüklər (2006-cı il və daha böyüklər), gənclər (2007-2008 / kateqoriya A), gənclər (2009-2010 / kateqoriya B), yeniyetmələr (2011-2012) yaş kateqoriyalarında isə kişi idman gimnastikasının təmsilçiləri mübarizə aparırlar. Bakı birinciliyində iştirak edəcək idmançılar arasında kişi idman gimnastikasının yeniyetmələr (2011-2012), uşaqlar (2013-2014), balacalar (2015-2016), kiçiklər (2017), qadın idman gimnastikasının isə gənclər (2011-2009) və yeniyetmələr (2012-2013) yaş qrupuna aid nümayəndələri yer alırlar. Xanım idmançılar dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlərdə, kişi gimnastlar isə sərbəst hərəkətlər, gimnastika atı, halqalar, dayaqlı tullanma, parallel qollar və turnikdə özlərini sınayırlar.