15 yaşadək oğlanlar və 17 yaşadək qızlar arasında çimərlik futbolu üzrə Azərbaycan çempionatı keçirilib. Sport24.az xəbər verir ki, 8 komandanın iştirak etdiyi U-15 oğlanların çempionatının finalında "Azart" və "Baku Football Academy" komandaları üz-üzə gəliblər.

 

Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan "Azart" yarışın qalibi olub. Turnirin bürünc mükafatına "Səbail" yiyələnib. Fuad Muradov (BFA) 11 qolla çempionatın bombardiri olub. Sirac Quluzadə ("Səbail") ən yaxşı qapıçı, Yaqub Səmədov ("Azart") ən yaxşı oyunçu seçilib.

 

U-17 qızların mübarizəsində "Sabah" çempion adını qazanıb. "Baku Sporting" ikinci, "Əhmədli Yunayted" üçüncü yeri tutub. "Sabah"ın hücumçusu Tərgül Qəniyeva 8 qolla ən məhsuldar oyunçu olub. Nərgiz Ağalıyeva ("Baku Sporting") ən yaxşı qapıçı, Aylin Kərimova ("Sabah") ən yaxşı futbolçu adına layiq görülüb.