"Əsas məqsədimiz Avropa çempionatının 1/4 finalına vəsiqə qazanmaqdır". Sport24.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov Niderlandda keçiriləcək Avropa çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, xaricdə çıxış edən legionerlərin yanvarın 10-da hazırlıq prosesinə qoşulduğunu bildirib: "Hazırlıq prosesimiz yanvarın 5-də start götürüb. Bəzi günlərdə iki məşq gerçəkləşib. İlk olaraq, fiziki məşqlər etmişik. Yanvarın 10-dan isə taktiki-texniki hazırlığa başlamışıq. Standart vəziyyətlər üzərində işləmişik".

Kürdov Ukrayna seçməsinə iki yoldaşlıq görüşündə uduzduqlarını xatırladıb: "Məğlub olmaq istəməzdik. Amma bu qarşılaşmalar bizim xeyrimizədir. Çünki bütün səhvlərimizi bu oyunlarda gördük. Hazırda səhvlərimiz üzərində işləyirik. Çalışacağıq ki, yanvarın 17-də Belçika ilə yoldaşlıq matçında və ardından Avropa çempionatında bunları təkrarlamayaq".

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək (report.az).