''Formula-1'' Kanadanın Kvebek bölgəsində yaşanan meşə yanğınları ilə bağlı rəsmi bəyanat yayıb. Sport24.az xəbər verir ki, əsas məsələ həmin regionda Jil Vilnyovun adını daşıyan trassın yerləşməsidi.
Məhz orda iyunun 16-18-də ''Formula-1'' üzrə mövsümün növbəti Qran-prisi keçiriləcək. Amma yanğınlar üzündən bu yarışın təxirə salınması ehtimalı yaranmışdı. ''Formula-1''in bəyanatında qeyd olunub ki, Qran-prinin təxirə salınması üçün ciddi səbəb yoxdu. Yanğınlar avtodromdan təxminən 800 km uzaqlıqda baş verib. Monrealın havası isə artıq indidən tədricən təmizlənməyə başlayıb. Hərçənd, regionda yerli əhaliyə hələ də qoruyucu maska ilə gəzmək məsləhət görülüb.
Proqnozlara görə yaxın günlərdə külək tüstünü şəhərdən qovacaq. Yanğınlar o qədər şiddətli olub ki, tüstü Nyu-York və ABŞ-ın o regiona yaxın digər şəhərlərinə qədər gedib çıxıb.
Xatırladaq ki, bu il Qran-prilərdən biri artıq təxirə salınıb. Söhbət Emiliya-Romanyidən gedir. Ordakı sel daşqınları zamanı trass da su altında qalmışdı.