"Liverpul" və "Borussiya"nın sabiq baş məşqçisi Yurgen Klopp ordenlə təltif olunub. Sport24.az "Bild"ə istinadən xəbər verir ki, mükafat 3 oktyabrda keçirilən Alman Birlik Günü bayramına həsr olunub.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Kloppu ölkə qarşısındakı xidmətlərinə görə ordenlə təltif edib. 57 yaşlı mütəxəssisin aldığı ordeni müşayiət edən qeyddə deyilir: "Uğur və şöhrət ona heç vaxt hər idmançıda insanı görməyə mane olmayıb".
Qeyd edək ki, alman mütəxəssis 2008-ci ildən 2015-ci ilə qədər Dortmund "Borussiya"sını çalışdırıb. O, həmin dövrdə 2 dəfə Almaniya çempionluğunu qazanıb. 2015-ci ildən 2024-cü ilə qədər çalışdırdığı "Liverpul"la isə Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub.