"Liverpul"un baş məşqçisi Arne Slot Yurgen Kloppun onu Premyer Liqa çempionluğu münasibətilə təbrik etdiyini açıqlayıb. Niderlandlı mütəxəssis bununla bağlı ESPN-ə açıqlama verib:
"Mənə mesaj göndərən ən məşhur şəxs? Məncə, bu, Yurgen Klopp idi. O, nə dedi? O, məni təbrik etdi və bu klubun xüsusi olduğunu qeyd etdi və onun tarixinin bir parçası olduğumu bildirdi. O, azarkeşlər və klub üçün çox xoşbəxt idi".
Qeyd edək ki, Slot 2024-cü il mayından "Liverpul"un "sükanı arxasındadır". O, bu postda 2015-ci ildən komandaya başçılıq edən və öz xahişi ilə ayrılan Kloppu əvəzləyib. "Liverpul" Kloppun rəhbərliyi altında 2019/20 mövsümündə Premyer Liqanın qalibi olub.