Ukrayna millisinin müdafiəçisi Vitali Mikolenko DÇ-2026-nın seçmə mərhələsində pley-offun yarımfinalında İsveçə uduzduqları oyundan sonra hisslərini bölüşüb. Sport24.az xəbər verir ki, futbolçu bununla bağlı "Sportarena" portalına açıqlama verib:

 

"Yəqin ki, oyunu izləyən digər ukraynalılar kimi eyni hissləri keçirirəm. Bu biabırçılığı sona qədər izləyənlərə təşəkkür edirəm. Üzr istəmək istəyirəm, amma davadan sonra üzr istəməyin mənası yoxdur. Sadəcə, bizi izlədikləri və dəstəklədikləri üçün onlara təşəkkür etmək istədim.

İslandiya ilə oyunda mübarizə apardıq, bütün Ukrayna bizi dəstəklədi. Meydanda əsl komanda olduğumuzu göstərdik. Təəssüf ki, bu gün belə deyildi. Səbəbini izah edə bilməyəcəm. Bəlkə də bizim günümüz deyildi, amma vəziyyət belədir.

Məğlubiyyətin səbəblərini təhlil etməyin mənası yoxdur. Heç nə deməyəcəyəm - nəzəriyyəni sonradan araşdıracağıq. Sadəcə bu qədər zəif oynadığımıza görə utanıram".

 

Qeyd edək ki, dünən keçirilən pley-off matçında Ukrayna İsveçə 1:3 hesabı ilə məğlub olub.