UEFA-nın Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının beynəlxalq yarışlara buraxılması haqda qərarı Polşa, Latviya və İsveç Futbol federasiyalarının etirazına səbəb olub.


Sport24.az xəbər verir ki, Latviya Futbol Federasiyası oyunun keçirildiyi yerdən və onların təqdimat formasından asılı olmayaraq rusiya millilərinin iştirak edəcəyi turnirlərə qatılmayacaqlarını bəyan edib.
Polşa Futbol Federasiyasının prezidenti Sezari Kuleşanın məsələyə reaksiyası isə belə olub: “UEFA İcraiyyə Komitəsinin dünənki bəyanatı məni təəccübləndirdi. Rusiya yığmalarına yarışlarda iştiraka icazə verilsə, bizim komandalar onlarla oynamayacaq. Bu, yeganə düzgün qərardır”.


İsveç Futbol Federasiyasının prezidenti Fredrik Raynfeldt  yerli mətbuata açıqlamasında bildirib: "Biz rusiyalı futbolçularla heç bir yarışda iştirak etmək niyyətində deyilik. Rusiya komandalarına qarşı mübarizə aparmaq fikrində olmadığımızı bəyan etmişik və fikrimizdə qalırıq”. 


Qeyd edək ki, UEFA 2 gün öncə Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının neytral statusda - himn və bayraqsız beynəlxalq turnirlərdə iştirakına icazə verildiyini açıqlayıb. UEFA-nın bəyanatında bu qərar belə izah olunub ki, uşaqlar böyüklərin törətdiyi hərəkətlərə görə məsuliyyət daşımamalıdır. Qərar Rusiyanın U-17 millisi də daxil olmaqla bütün aşağı yaş qruplarına şamil olunur.