Avqustun 5-də 2027-ci ildə ölkəmizdə təşkil olunacaq U-20 kişilər arasında dünya çempionatının Təşkilat Komitəsinin növbəti toplantısı baş tutub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) məlumat yayıb.

 

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkilati işləri də bu Komitəyə tapşırılıb. Bu baxımdan, iclasda ilk növbədə sözügedən turnirə hazırlığın cari vəziyyəti və qarşıdakı hədəflər nəzərdən keçirilib.

 

Təşkilat Komitəsinin sədri, Baş nazirin müavini Samir Şərifov çıxış edərək bildirib ki, tarixdə ilk dəfə gerçəkləşəcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda təşkil olunacaq. Qeyd edilib ki, belə böyükmiqyaslı beynəlxalq idman tədbirinin ölkəmizə həvalə edilməsi Prezident İlham Əliyevin idmanın inkişafına, qlobal idman arenasındakı mövqeyimizin möhkəmlənməsinə verdiyi ardıcıl dəstəyin və göstərilən ali etimadın bariz göstəricisidir.

 

Yarışa 175-dən çox ölkədən (hər nümayəndə heyətində 20 nəfər olmaqla) iştirakçının qatılacağı gözlənilir. FIFA bayrağı altında ilk dəfə təşkil edilən bu Gənclər Turnirinin əsas məqsədi gənc istedadların beynəlxalq səviyyədə inkişafına şərait yaratmaqdır. İclas ərzində U-15 turniri ilə bağlı idman qurğularının hazır olma dərəcəsi, infrastruktur işləri və digər təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq mərhələsi müzakirə olunub. 24 milli komandanın mübarizə aparacağı turnirin açılış, final və digər qarşılaşmalarının keçiriləcəyi şəhərlərin dəqiqləşdirilməsi istiqamətində AFFA, FIFA və Özbəkistan Futbol Federasiyası arasında danışıqların intensiv şəkildə davam etdiyi diqqətə çatdırılıb.

 

Sonda dövlət başçısının müvafiq tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət strukturlaşmalarına göstərişlər verilib, qurumlararası koordinasiyanın artırılması ilə bağlı konkret addımlar müəyyənləşdirilib.