İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel Kosta-Rika üzərində 3:0 hesablı qələbədən sonra komandasının çıxışından razı qaldığını bildirib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bölüşüb:
"Bunu arzulayırdım və futbolçulardan məhz bunu tələb edirdim. Oyunöncəsi mətbuat konfransında da qeyd etmişdim ki, biz intensivlik, öhdəlik və komanda birliyi baxımından növbəti səviyyəyə qalxmalıyıq. Şadam ki, bunu bacardıq.
Hazırlıq düşərgəsinə qoşulan Arsenalın futbolçularının komandaya müsbət təsirini və məşqlərin bəhrəsini aydın gördük. Eyni zamanda, oyunçuların istiyə və iqlimə uyğunlaşması da sevindiricidir. Biz komandadan növbəti addımı atmağı tələb etdik və onlar bu tapşırığın öhdəsindən gəldilər. Futbolçularımla qürur duyuram".
Təcrübəli mütəxəssis 3 cavabsız qolun vurulduğu matçda nəticədən çox oyun planına sadiq qaldıqlarını vurğulayıb:
"Bizim üçün əsas olan meydanda necə oynamamızdır, çünki düzgün oyun planı olanda nəticə öz-özünə gəlir. Yüksək səviyyəli futbol nümayiş etdirdik və hazırlıq düşərgəsini bu cür qələbə ilə bitirmək komandaya əlavə motivasiya verəcək".
Tuxel sonda komandanın ümumi performansının və adaptasiya prosesinin gələcək matçlar üçün çox müsbət siqnal olduğunu da sözlərinə əlavə edib.