​"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqa çərçivəsində "Osasuna"ya qarşı keçirilən səfər matçından sonra komandasının çıxışını dəyərləndirib. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis Pamplonadakı qələbənin əhəmiyyətini vurğulayaraq, futbolçuların mübarizəsindən razı qaldığını bildirib.

 

Simeone komandanın qətiyyətli oyun nümayiş etdirdiyini qeyd edib:

 

​"Komandanı layiqincə təmsil etməyin hər zaman böyük əhəmiyyəti var. Son oyunda indiki qədər qətiyyətli deyildik. Burada oynamaq həmişə çətindir. Rəqib təzyiq edirdi, cərimə meydançasında gərgin mübarizə gedirdi. Amma ardıcıl ötürmələrlə qol epizodları yarada bildik və istədiyimiz qələbəni qazandıq".

 

Təcrübəli çalışdırıcı futbolçuların meydandakı münasibətini xüsusi qeyd edib:

 

"Bu gün uşaqlar həm bir-birinə, həm də geyindikləri formaya hörmət nümayiş etdirdilər. Rəqabət ruhunu qorudular, ümid edirəm ki, belə də davam edəcəyik. Komandamızın mübarizə aparmadığı bir oyun belə olmayıb".

 

Baş məşqçi, həmçinin Antuan Qrizmannın gələcəyi və matçdakı mübahisəli epizodlar barədə də danışıb:

 

"Bu qalibiyyət bizim üçün çox yaxşı oldu. Ümid edirəm ki, azarkeşlər Qrizmanna layiq olduğu şəkildə təşəkkür edəcəklər. Penalti epizoduna gəlincə, Mussonun topa ilk toxunduğu açıq-aydın görünürdü. Rəqibin hakimliklə bağlı etirazlarına gəlincə, əgər biz daim nədənsə şikayət ediriksə, onların da narazılığını başa düşmək olar".